yt


facebook

Məqalələr

Ev tikintisinin ardıcıllığı

Ev tikmək planı olan, lakin işlərin ardıcıllığı barədə az məlumatı olan şəxslər üçün tikintinin mərhələləri ilə bağlı yazı hazırlamışıq. Beləliklə, ümumi ardıcıllığa baxaq:


1. Ərazinin seçilməsi.

erazi
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq, fərdi yaşayış evləri yalnız "yaşayış məntəqələrinin torpaqları" kateqoriyasında olan, yəni tikinti təyinatlı torpaqlarda tikilməlidir. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələridir. Əkinə yararlı münbit torpaqlar üzərində ev tikməklə biz həm də gələcək nəsillərin qida təhlükəsizliyinə mənfi töhfəmizi vermiş olarıq.
Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci və 3-cü bəndlərinə nəzər salaq:
"2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir."
Odur ki, ev tikintisi üçün torpaq sahəsi seçərkən həmin torpaq sahəsinin təyinatı ilə maraqlanmaq yaxşı olar.
  Ərazi seçilərkən həmin ərazidəki torpaq süxuruna diqqət yetirin. Belə ki, həmin ərazidəki torpaq tikinti üçün əlverişsiz ola bilər. Üzərində tikinti aparılacaq torpaq sahəsində yumşaq qat çox qalın (dərin) olarsa, orada tikinti aparmağa dəyməz. Bu cür torpaqlara nadir hallarda rast gəlinsə də, diqqətli olmaqda fayda var. Ərazidə infrastrukturun hansı vəziyyətdə olduğunu da öyrənin: qaz, su, elektrik xətləri, bağça, məktəb, market, ictimai nəqliyyatın və s. əlçatanlığı önəmlidir. Bundan başqa evin plan cizgisini hazırlatmaq da ilk mərhələdə görülən işlərdəndir.

2. Məlumatlandırma icraatı.

icaze
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və məlumatlandırma icraatının tətbiq olunduğu fərdi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Bunun üçün sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsininin 79-80-ci maddələri).

3. Ərazinin hazırlanması.

buldozer
İndi ərazini təmizləmək və üzərində tikili olacaq yerin səthini bərabərsəviyyəli etmək lazımdır. Bunun üçün "Qreyder" (və ya "Buldozer") lazım ola bilər. Əgər sahə normal vəziyyətdədirsə, bu işlərə ehtiyac yoxdur. Birbaşa bünövrə qazıntısına başlamaq olar.

4. Bünövrə.

qazinti
Bünövrə betonunu tökmək üçün evin planı üzrə qazıntı işləri aparılır. Siz yerqazan traktor tapmalısınız. Amma bu işi fəhlə taparaq da həll edə bilərsiniz. Qazıntının eni və dərinliyi torpağın xüsusiyyətlərinə və tikilinin ağırlığına (bu, əsasən, mərtəbə sayından, evin hündürlüyündən və s. asılıdır) əsasən seçilir. Yumşaq süxurlar üzərində qazılmış dayaz bünövrə gələcəkdə evin divarlarında çatların yaranmasına və ya digər xoşagəlməz hallara səbəb ola bilər. Beton üçün qazıntının həcminə uyğun olaraq sement, qum, çınqıl, armatur, xamıt və məftil lazım olacaq. Beton 1-2 sutka ərzində bərkiyir. Betonun tam quruma (bərkimə) müddəti olaraq 28 gün qəbul edilir. Beton töküldükdən 28 gün sonra tam möhkəmliyə sahib olur və bundan sonra növbəti mərhələyə keçilir. Quruduğu müddətdə də betona nəzarət etmək lazımdır. Bünövrə evin (istənilən tikilinin) ən vacib hissəsidir. Belə ki, digər hissələrin ağırlığı bünövrənin üstünə düşür və bünövrəni sonradan sökmək, üzərində dəyişiklik aparmaq demək olar ki, mümkün deyil. Bünövrəyə xüsusi diqqət göstərməyə dəyər.
Bünövrə üçün lazım olacaq beton miqdarını saytımızdakı proqram vasitəsilə hesablaya bilərsiniz.

5. Divar.

divar
Bünövrə betonu tam quruduqdan sonra divar hörülməyə başlanır. Divar mişar daşından, kərpicdən yaxud süni daşlardan istifadə etməklə hörülür. Evin perimetri üzrə olan, evin içini ətraf mühitdən ayıran divarlar xarici divarlar, otaqları ayıran divarlar daxili divarlar (arakəsmələr) adlanır. Xarici divarlar adətən ikiqat daşla, daxili divarlar isə təkqat daşla hörülür. Hörgü işini məsuliyyətli ustalara tapşırın. Bu mərhələdə sementə qənaət etməyə çalışmayın. Divarlar hörülən zaman qapı, pəncərə və drenaj üçün boşluqlar saxlayarkən döşəmənin əsas taxtalarının başlarını qoymaq üçün də yastıqlar (yuvalar) nəzərə alınmalıdır. Gələcəkdə evə giriş-çıxış rahat olsun deyə, indidən kürsünün hündürlüyünə uyğun pilləkəni də hazırlamaq olar.

6. Dam.

dam
Divar hazır olduqdan sonra evin üstünü örtmək olar. Artıq evin içindəki digər işləri görərkən yağışdan, yandırıcı günəşdən və digər xarici təsirlərdən sığortalanmış oluruq.
Dam üçün adətən, bir xeyli taxta lazım olur. Taxtlar adətən 5sm*10sm, 5sm*15sm və 5sm*20sm ölçülərdə olur. Bazarda 4 metr və 6 metr uzunluqda olan taxtalara rast gəlinir. Hansı ölçüdə taxta lazım olacağını ustanız sizə deyəcək.
Dam ikiyanlı və ya dördyanlı ola bilər. Başqa dam şəkilləri də var. Ancaq Azərbaycanda əsasən bu iki şəkilə üstünlük verilir. Bizim ölkədə qarlı günlərin sayı və yağan qarın miqdarı az olduğundan damın mailliyini çox etməyə ehtiyac qalmır.

7. Döşəmə.

doseme
Bu mərhələdə evin döşəməsi düzəldilir. Evinizin döşəməsində qızdırıcı sistem qurmaq istəsəniz, evin kürsüsünü alçaq etmək lazımdır. Belədə kürsünü doldurub üzərindən müəyyən qalınlıqda (adətən, 5-8 sm) beton qat tökülür. Əlbəttə ki, qızdırıcı sistem də bu qatın altında olur. Yaxud taxta döşəmə düzəldərək kürsünün içini boş sahə olaraq istifadə edə bilərsiniz. Döşəmə üçün də qüvvəni qəbul edən əsas taxtalar olaraq adətən 5sm*20sm taxtalar istifadə olunur.

8. Elektrik, su və kanalizasiya xəttləri.

elektrik
Növbəti iş olaraq müvafiq otaqlara elektrik xəttlərini, o cümlədən su xəttlərini və drenaj sistemini qurmaq olar.

9. Suvaq.

suvama
Artıq evin divarlarını suvamaq olar. Suvağın materialı və qalınlığı sizin ustanızla birgə verəcəyiniz qərardan asılıdır. Bu, sement-qum qarışığı və ya gips ola bilər. Suvaq məsrəfini də saytdakı müvafiq proqramın köməyi ilə hesablaya bilərsiniz.

10. Sair işlər.

sair
Bu mərhələdən etibarən interyer (evin içinə aid) və eksteryer (evin çölünə aid ) işləri görülür. Qapı, pəncərə, kafel, divar kağızı, mətbəx, hamam, həyət və s.

Qeyd edək ki, burada sadaladığımız ardıcıllıqlar ümumi yol xəritəsini təsvir edir. Hər bir evin tikintisi zamanı bəzi mərhələlərin yerinin dəyişik olması mümkündür.
Yazı ilə bağlı sual, təklif və iradlarınızı Facebook messenceri vasitəsilə yaxud email vasitəsilə bildirə bilərsiniz. Facebook istifadəçisisinizsə, səhifəmizi bəyənməyi unutmayın. Başqa sosial şəbəkələrdən istifadə edirsinizsə, saytımızla bağlı paylaşım edə bilərsiniz.

Mövcud proqramlar, məlumatlar və məhsullar: Ev üçün material, Beton, Daş, Bünövrə, Dam, Suvaq, Gips, Smeta (xərclər), Hasar, Pilləkən, Armatur, Taxta, Diaqonal, Sahə, Həcm, Kub, Kvadrat Çən, Sement, Qum, Kafel, Plitə, Keramika, İsti döşəmə, Radiator, Tikinti materialları, İnşaat materialları, Layihələr, Su izolyasiyası, İstilik izolyasiyası, Daş yunu, Qapı, Pəncərə, Şüşə, Elektrik, Qaz, Kondisioner, Kombi, Soyuducu, Dam örtükləri, Məhəccər, Kərpic, Qiymət, Laminat, İşıq, Usta, Təhlükəsizlik, Plastik, Metal, Polad, Alüminium, Sendviç panel, Konteyner, Ofis, Qaraj, Anbar